Bu il Polşanın paytaxtı Varşavada keçirilən Avropa Çempionatının qalibi Elxan Məmmədov eksklüziv olaraq hisslərini istipress-ə bölüşüb.
Avropa Çempionatı bu qitədə yaşayan hər bir idmançının karyerasında yüksək nəticələrindən biri hesab olunur. Bu qürurverici bir şeydir. Böyük bir uğura imza atdım. Avropa Çempionatı mənim üçün artıq 5-ci medal oldu.
- Siz 31 yaşında Dünya, 35 yaşında isə Avropa çempionu oldunuz. Bu yaşda çox adam belə yüksək nəticə göstərə bilmir. Sizdə bu necə alındı?
- Avropa çempionu olmaq mənə böyük stimul verdi. Həyatda öz sözümü deməyə bir şans idi.
- Qarşıdan İslam oyunları gəlir. Siz bu turnirdə şanslarınızı necə qiymətləndirirsiz? Birinci ola bilərsiniz?
- Bütün idmançılar kimi mənim məqsədim də birincilikdir. Mən əminəm ki, Azərbaycan cüdo yığması bu yarışda çox yüksək nəticələr göstərəcək.
- Çempion olandan sonra sizi ilk kim təbrik etdi?
- Yaxınlarım, qohumlarım, dostlarım təbrik etdi. Azərbaycan Federasiyanın rəsmiləri, vitse-prezident, Federasiya prezidenti məni ürəkdən təbrik etdilər.
- Hərdən Ermənistan lobbisi beynəlxalq yarış zamanı idmançılarımıza, millimizə qarşı təxribat etmək istəyir. Sizə qarşı olubmu heç?
- Cüdoda qayda-qanunlar çox güclüdür. Kimsə artıq, qaydalara zidd hərəkət edərsə, Cüdo Federasiyası bunu cavablandırır. Bizdə hansısa bir təxribat olarsa, onun qarşısını ala bilərik.
- Erməni rəqibiniz olub?
- Bəli, olub. 2008-ci ildə güləşmişəm. Qısa bir zamanda asanlıqla qalib gəlmişəm. Düzdür, bunu reklam edib heç yerdə deməmişəm. Onlar bizə rəqib deyillər.
- Onlar məğlub olduqdan sonra hansısa bir söz atışması olur aranızda?
- Yarışlarda Ermənistan yarışmaçılarını görürük. Onlar bizdən həmişə çəkinirlər. Bizə yaxın durmağa qorxurlar. Əlbəttə, əgər artıq söz desələr, dərhal cavablarını alarlar. Belə bir şey bizə rast gəlməyib. Yəni, biz zəif adam deyilik.
- Sizin şəxsi tələbələriniz var?
- Yox, mən hələ məşqçiliyə başlamamışam. Bu barədə heç qərar da verməmişəm. Amma öz bildiklərimi, təcrübəmi yığma komandamdakı üzvlərə deyirəm.
- Cüdo karyeranızı nə vaxta kimi davam etdirəyəcəyinizə qərar vermisiniz?
- Çoxları deyirdi ki, Elxan qocalıb, güləşə bilmir. Amma Dünya və Avropa çempionatında qalib olmuşam. Bu il həm də Qran Pri Bakı Dəbilqəsinin qalibi oldum. Yəni, bunu zaman göstərəcək. Nə vaxt görsəm ki, nəticə verə bilmirəm, o zaman özüm gedəcəm.
- Cüdodan başqa hansı idmanla məşğul olursunuz?
- Yeniyetmə vaxtımda futbolu çox sevirdim.
- Hansı klubun azarkeşisiniz?
- Mən həmişə iki kluba azarkeşlik etmişəm. Biri “Qalatasaray”dır, digəri isə “Real Madrid”. Yerli klublardan isə “Neftçi” ilə “Qarabağ”ı həmişə dəstəkləmişəm.
- “Neftçi” bu mövsüm zəif nəticə göstərib. Azarkeş kimi, sizcə, səbəb nədir?
- İndi olur da belə şeylər. Hər bir klubun düşmə halı olur. Sabah bilinmir, kim necə olacaq. “Neftçi” klubu öz sözünü deyər.
- Gənc nəsilə nə tövsiyə edərdiniz?
- İdmanla məşğul olsunlar. Lazımsız şeylərlə məşğul olmasınlar. Azərbaycanın sağlam gənc nəslə ehtiyacı var.
- Küçədə davanız olubmu?
- Yeniyetmə vaxtlarımda cüdoya gəlmişəm. Bütün enerjimi məşqdə çıxardığım üçün küçədə-bayırda dalaşmağa vaxtım olmayıb. Mən həmişə öz yerimi bilmişəm. Gənclərə də tövsiyəm budur ki, küçədə özlərini normal aparsınlar, nə özlərinə, nə də başqalarına problem yaranmasın.
- İlham Zəkiyevlə müsahibə zamanı dedi ki, mən həmişə məğlub olan idmançılara zəng edirəm. Bəs sizin digər idmançılarla münasibətiniz necədir?
- Mən də eləyəm. Zəng edirəm, təsəlli verirəm. Məğlub olan idmançıdan üz döndərmək lazım deyil. Düzdür, mənim başıma gəlib belə şeylər. Mən məğlub olan zaman bəzi idmançılar məndən üz döndəriblər. Amma sonradan onları özümə heç vaxt yaxın buraxmamışam.
- Çempion olandan sonra sizə hədiyyə verən olubmu?
- Yox, hələ hədiyyə verən olmayıb. Bizim məqsədimiz Azərbaycan bayrağını qaldırmaqdır.
Fanat.Az