"Mən keçmiş məşqçilərlə bağlı xoş sözlər deməliyəm. Komandanın durumu pis deyil. İlk iki gündə komandanı tanımağa çalışdım. Sevinirəm ki, futbolçular məni yaxşı başa düşdülər. Əlbəttə, komandanın turnir cədvəlindəki yeri yaxşı deyil. Odur ki, hər şey gözəl deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın yeni baş məşqçisi Şahin Diniyev deyib.
Bakı klubunun çalışdırıcısı bu gün mətbuat konfransı keçirib. Diniyev bildirib ki, komandanın müdafiə xəttində problemlər var: "Rəvan" elə komandadı ki, mən çempionat ərzində onun oyunlarına çox az baxmışam. Amma bir neçə oyun diskinə baxmışam və baxacağam da. Hesab edirəm ki, "Rəvan"ın müdafiəsində böyük problemlər var. Bunun üzərində çalışmalıyıq".
Millinin sabiq baş məşqçisi vaxt istəyib: "Komandanı qarşıdakı oyunlara hazırlamaq, səviyyəni qaldırmaq lazımdı. Zamana ehtiyacım var. 2,5 bəlkə də Azərbaycan futbolundakı ən uzunmüddətli müqavilədi. Nəticə qazanmağımız üçün klubun prezidentindən tutmuş ən adi işçisinə kimi hamı birgə çalışmalıdı. Bəhmən Həsənovun klubda qalmalı olduğunu düşünürəm. Mən buna normal baxıram. Bizim əsas hədəfimiz yaxşı oyun sərgiləməkdi. Yaxşı oyun olandan sonra, nəticə də olacaq. Yaxşı oyun olmayanda qazanılan nəticələr isə təsadüfi olur. Əgər biz rəqib komandadan yaxşı oynamayıb, qalib gəlsək, rəqib həmkarımdan üzr istərəm. Lakin bizə kiçik uğurlar lazım deyil. Əsas hədəf gələcəkdə daha böyük uğurlar qazana biləcək kollektiv yaratmaq, buna imkan verəcək oyun sərgiləməkdi".
Diniyev heyətlə də bağlı danışıb: "Mənim titullu futbolçum yoxdu. Kim daha yaxşı hazırlığa malik olacaqsa, o da oynayacaq. "Rəvan"da ulduz futbolçular olmayacaq. Yaxşı futbolçular toplamağa çalışacağıq. Çoxları daha çox pul verən klubları seçirlər. Uğursuzluqla üzləşəndə səhvi hakimlərdə, kənar amillərdə yox, özümüzdə axtarmalıyıq. İngiltərə futbol hakimləri daha çox səhvə yol verirlər. Uğursuzluq olacaqsa, bunun əsas günahı mənim və futbolçuların üzərində olacaq".
Baş məşqçi özünə güvəndiyini bildirib: "Klub prezidenti mənimlə söhbətində dedi ki, onlar heç bir baş məşqçini qovmayıblar. Onlar özləri postlarından gediblər. Mən də heç vaxt başqasının çaldığı havaya oynamamışam. Əgər sabah mən də rəhbərliyin qarşıma qoyduğu vəzifəni yerinə yetirə bilməsəm, özüm gedəcəm. "Gəncə"də çalışarkən orda nə şərait vardı, nə baza. Amma burda vəziyyət fərqlidi. Mən həm özümə, həm də rəhbərliyə güvənirəm".