Futbol bəzilərinə görə adi oyun, digərləri üçün həyat tərzidi. Şimali İrlandiya üzərində 2:0 hesablı qələbənin ardından millinin çıxacağı prinsipial qarşılaşmanın start fitini isə bu idman növü ilə ciddi maraqlanmayanlar da gözləyir. O ki qaldı, gerçək azarkeşlər ola...
- Aldız payınızı? Bəs nə bilmişdiz? Yekə-yekə danışmaqla deyil e... Bakıya gələndə elə danışırdılar ki, elə bil Antiqua və Barbuda millisi ilə yoxlama görüşü keçirməyə gəlirlər. Adamın dədəsini belə yandırarlar...
Gözünə dönüm, Rauf! Nə vurdun amma... Yaxşı yadıma gəlir, “Spartak” “Neftçi” ilə oynayanda rəhmətlik Banişevski də moskvalıların başına itin oyununu açırdı. Hələ 3 il bundan qabaq demişdim ki, bu uşağın gələcəyi var. Kişisən, Rauf... Allah səni bu yığmadan əskik eləməsin! Ermənilər baxıb əsəbdən partlayırlar indi... AFFA-nın verdiyi pullar halal xoşun olsun! Sənin də o qolun ötürməsini verən Mahirin də, elə lap o “qırmızı” alan Elnurdu nədi, onun da! Gedin di, köpəyuşağı... Gedin başınızdan yekə danışın görüm, necə danışırsız...
- Nofəl, ay Nofəl...
- Gedin başınızı söykəyin ermənilərin başına, yeyin bu məğlubiyyəti! Elə 20 yanvarda elədiklərinizin də əvəzidi, Xocalıdakı vəhşiliyinizin də. Köpəyuşağı!
- Nofəl, ay Nofəl... Nofəl, dəli olmusan?
- Nədi, az?
- Get çörək al, uşaq oyanacaq birazdan.
- (dirsəklənib yatağında oturur, qızarmış gözlərini geniş açıb uca səslə soruşur) Sabah iş var, Səkinə?
- Niyə yoxdu ki?
- Bəs Qurban Bayramı deyil?
- Yox. Qurban Bayramı sabahdı. Balaca da sənlə futbola baxırdı?
- Çox sual vermə... Bu gün ayın neçəsidi?
- 14-ü... Kimi söyürdün? Hansı pullardan danışırdın?
- Heç kimi... Düşüm çörək alım, sən də gədəni qaldır, işə gecikməsin. Balacanı da götür, qoy öz yerində yatsın. Çalış oyanmasın. Yoxsa, qoymayacaq yatmağa.
Fanat.az