Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Rusiya - Azərbaycan oyununa münasibət bildirib. Fanat.az xəbər verir ki, qurum rəhbəri Rusiya mətbuatına açıqlamasında oyunun prinsipiallığı ilə bağlı fikirlərin şişirdildiyini deyib.
Musayev AFFA-nın hər futbolçuya 127 min dollar mükafat vəd etməsi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Rusiya ilə oyunun xüsusi prinsipiallıq daşıması ilə bağlı söylənilən fikirləri çox şişirdilmiş hesab edirəm. Biz ruslara qarşı böyük hörmətlə yanaşırıq. Çox şadıq ki, onlar dünya çempionatının bir addımlığındadılar. 127 min dollar məsələsinə gəlincə, bu məlumat mətbuatda yayılıb, biz deməmişik. Belə məbləğdən söhbət getmir. Bizim hər futbolçuya verəcək qədər pulumuz yoxdu! Lakin qonorar məsələsinə həqiqətən baxılıb. Burda qeyri-adi nə var ki? Bu, dünya praktikasında görünən normal haldı".