Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə Avropa çempionatı davam edir.
Fanat.Az-ın məlumatına görə, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri gücünü sınayıb.
Bir gün əvvəl olduğu kimi, yenə 5 çəki dərəcəsindən 3-də həmyerlilərimiz yarımfinala qədər irəliləyib. Onlardan 2-si adını finala yazdırıb. Dünən mübarizəyə qoşulan pəhləvanlarımızdanEldəniz Əzizli qızıl,Elvin Mürsəliyev isə bürünc medala sahib çıxıb.
60 kq
Murad Məmmədov 1/4 finalda Maksim Kajarski (Belarus) ilə üz-üzə gəlib. O, xalçadan 3:0 hesablı qələbə ilə ayrılıb. Məmmədov 1/2 finalda italiyalı Yakopo Sandrona heç bir şans verməyib (9:0) və finala yüksəlib. Güləşçimizhəlledici görüşdə sabahrusiyalı Sergey Emelinlə üz-üz gələcək.
67 kq
Elman Muxtarov turnirə 1/8 final mərhələsindən start verib. Rusiyalı Artyom Surkovla qarşılaşan güləşçimiz 0:9 hesabı ilə uduzub. Bununla belə, pəhləvanımız bürünc medal şansını davam etdirir. Onun təsəlliverici görüşdəki rəqibi Karen Aslanyan(Ermənistan) olacaq. Bu görüş sabah baş tutacaq.
72 kq
Avropa çempionatındakı əsas medal ümidlərimizdən biri Rəsul Çunayev mübarizəyə 1/16 final mərhələsindən başlayıb.Türkiyəli Murad Dağla qarşılaşan həmyerlimiz 4:1 hesabı ilə qələbə qazanıb. O, ikinci görüşündə Yuri Kankovu (Belarus) sınağa çəkib. Çunayev bu sınağından da üstün ayrılıb - 9:0. Təmsilçimiz 1/4 finalda Daniel Kataraqa (Moldova) ilə qarşılaşıb. Rəsul rəqibini 3:2 hesabı ilə məğlub edib. Dünya çempionumuz 1/2 finalda gürcüstanlı Yuri Lomadzedən üstün olub (9:3). Çunayev finalda Rusiya idmançısı Adam Kurakla qarşılaşacaq. Bu duel sabah olacaq.
82 kq
Rafiq Hüseynov 1/8 finalda Zurabi Datunaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Gərgin keçən görüş həmyerlimizin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. O, növbəti qarşılaşmasında Zarko Diçkovla (Serbiya) güləşib və bu dəfə də mərhələ adlayan tərəf olub (3:1). Hüseynov final üçün belaruslu Viktor Sasunovski ilə mübarizə aparsa da, bu dəfə məğlubiyyətə düçar olub - 0:9. Rafiq sabah bürünc medal uğrunda görüşdə döşək üzərinə çıxacaq.
97 kq
Orxan Nuriyevin də ilk görüşü1/8 finala təsadüf edib.O, slovakiyalı Tamaş Soosla qarşılaşıb və 8:0 hesabı ilə qalib gəlib. Orxan bu uğurunu 1/4 finalda davam etdirə bilməyib. Mixael Kajaja (Serbiya) ilə güləşən idmançımız 1:3 hesabı ilə məğlub olub.
***
Bu gün həmçinin 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mükafatçıları da müəyyənləşdirib. 5 çəkidən 3-də Azərbaycan idmançıları mübarizə aparıb.
55 kq
Bir gün öncə keçirilən ilk 2 qarşılaşmada qələbə qazanan Eldəniz Əzizli titul üçün yarışıb. Həmyerlimiz finalda estoniyalı Helari Maegissalu ilə güləşib. Rəqibinə heç bir şans verməyən Əzizli (8:0) Avropa çempionu adına layiq görülüb.
77 kq
Elvin Mürsəliyev yarımfinalda uduzduğundan bürünc medal uğrunda xalçaya çıxıb. O, burda gürcüstanlı Tornike Camaşvilini (Gürcüstan) 6:2 hesabı ilə məğlub edərək, qitə 3-cüsü olub.
87 kq
İslam Abbasov da finalın bir addımlığında dayanıb. Çempionluq şansını itirən güləşçimiz 3-cü yer üçün Denis Kudla (Almaniya) ilə qüvvəsini sınayıb. Təəssüf ki, Abbasov bu dəfə də yenilərək (1:3) bürünc medal şansını əldən verib.
Fanat.Az