Rusiyanın “Sport-Ekspress” qəzeti Rusiya milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə birgə yer aldığı F qrupunda şansları dəyərləndirib. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız Portuqaliya və İsraillə final mərhələsinə çıxmaq uğrunda mübarizədə öz şanslarını daha yüksək qiymətləndirib.
Belə ki, rusların oktyabrın 15-də seçmə mərhələyə millimizlə yekun vuracaqları səfər matçınadək 1-ci yeri təmin edə biləcəyi bildirilir: “Lissabondakı məğlubiyyət Rusiya yığmasının perspektivinə təsir etmədi ki, o, sadəcə, qalan oyunlarda öz xallarını götürməlidir. Komanda Portuqaliyadan 2 xal geridə qalsa da, 2 oyun az keçirib. Fabio Kapellonun yetirmələrinin rəqibi olacaq qrupun autsayderi Lüksemburq Azərbaycanla səfər oyununda heç-heçə ilə təəccübləndirsə də, qrup liderlərinə çətin ki ciddi müqavimət göstərsin. Futbolçularımız Şimali İrlandiya və İsrailə də qalib gəlməlidir. Bununla da Rusiya Braziliyaya vəsiqəni sona 1 tur qalmış təmin edib, Azərbaycanla Bakıdakı sonuncu oyunu boş formallığa çevirməlidir. İsrail Azərbaycan və Şimali İrlandiya ilə ev oyunlarından 6 xal götürməlidir. Ancaq bu oyunlardan ikincisi böyük ehtimalla heç bir turnir əhəmiyyəti kəsb etməyəcək”.
İdman24.az