"İnter" - "Neftçi" oyunundan sonrakı insidentlə bağlı məlumat vermişdik. Bank klubunun bir az sonra rəsmi saytı vasitəsi ilə yaydığı bəyanatla da tanışsınız. “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin Fanat.az-a verdiyi son açıqlama isə belə oldu: “İnter”in yaydığı bəyanatda mühafizəçilərin insidentdə iştirak etmədiyi vurğulanıb. Halbuki, klubun mətbuat xidmətinin rəhbəri “rekord.az” -a təhlükəsizlik xidmətinin əməkdaşlarının hadisələrin inkişaf mərkəzində olduğunu, aranı sakitləşdirməyə çalışdıqlarını deyib. Belə çıxır ki, Səbuhi Məmmədov yalan danışıb? Təbii ki, yox. “İnter” vəziyyətdən çıxmaq üçün bəyanata əl atıb.
Nikolovla bağlı söylədiyimə gəlincə, adam dəqiq sərxoş idi. Dursun, bu dəqiqə jurnalistlərin önünə çıxsın, haqq-ədalət yerini tapsın. Onu ekspertizadan keçirmək fikrimiz yoxdu. Ancaq sübut istəyirsə, bu an media mənsublarının önünə çıxsın, içkili olub-olmadığı bilinsin. Lap sabah da yoxlamaq olar. Onsuz da spirtin təsiri ən azı 36 saat orqanizmdə qalır.
Qaldı, bank təmsilçisinin bizi reallığı həzm edə bilməməkdə suşlamasına, “Neftçi”nin zəif oynayıb yenildiyini danmırıq. Bəli, yaxşı oynamayıb uduzduq. Ancaq istəyərdik ki, rəqibi oyundan sonra ürəklə təbrik edək. Klub mühafizəçilərinin və sərxoş Nikolovun iştirakı ilə yaşanan insident imkan vermədi”.
Fanat.az