Komanda idman növləri üzrə Avropa federasiyalarının prezidentləri Fransanın paytaxtı Parisdə bir araya gəliblər. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer basketbol, həndbol, otüstü hokkey və reqbidən olan həmkarları ilə yığışaraq, bir sıra məsələləri müzakirə ediblər.
Burada danışılmış matçlar, oyunçuların agentlərinin rolu, mərc oyunları və bütün komanda idman növlərinin inkişafı əsas söhbət mövzusu olub. Müxtəlif federasiyaların rəhbərləri, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlığı və onun yeni formalaşacaq proqramını da müzakirə ediblər. Həmçinin, Azərbaycanda baş tutacaq möhtəşəm yarışda Rio-de-Janeyro-2016-ya lisenziya vermək məsələsinə də toxunulub.
Qeyd edək ki, görüşün sonunda bütün rəhbərlər həvəsləndirici mükafatların artırılması, bilik və təcrübənin bölüşdürülməsi məqsədi ilə seminarların təşkili ilə bağlı razılığa gəliblər.
İdman24.az