"2014-cü ilin təqvimində FIFA-nın yoldaşlıq oyunları üçün ayırdığı müddət azdı. Növbəti il mundialla əlaqədar ancaq 1 yoldaşlıq görüşü keçirmək imkanımız olacaq. Yalnız martın 5-də oyun keçirə bilərik". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib millimizin dünya çempionatının iştirakçılarından biri ilə qarşılaşa biləcəyini bildirib: "İyun ayında dünya çempionatına gedən komandalardan biri ilə yoldaşlıq matçı keçirməyimiz mümkündü. Ancaq bu da rəsmi matç kimi yox, həmin mundiala gedən komanda üçün hazırlıq görüşü kimi qeydə alınacaq. Bu il fevral, may, iyun, avqust və noyabr aylarında yoldaşlıq oyunları keçirmək üçün təqvim var idi. Ancaq növbəti il bu, yalnız martda olacağından, Berti Foqts daha çox təlim-məşq toplanışı keçirmək istədiyini bildirib".
Fanat.az