"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Komanda" qəzetinə geniş müsahibə verib. Fanat.az xəbər verir ki, İbrahimov müsahibəsində maraqlı fikirlər səsləndirib.
Klub rəsmisi "xalq komandası" adına "Neftçi"nin yox, "Qarabağ"ın layiq olduğunu bildirib: "Bütün komandalar "Qarabağ"dan xal almaq istəyir. Onlar üçün bu komandadan xal almaq nəzəri cəhətdən çempionluğa bərabərdi. Artıq "Qarabağ" həqiqətən xalq komandasıdı".
İbrahimov ardıcıl 3 ildi Azərbaycan çempionu olan "Neftçi"nin öz gücünə uğur qazanmadığına da dolayısı ilə toxunub və digər komandaları da hiddətləndirəcək fikirlər səsləndirib: "Məlumdu ki, "Qarabağ" Azərbaycanda ən təmiz komandadı. Başqa hörmət etdiyim komandalar da var, məsələn, "Qəbələ". Daha ad çəkmək istəmirəm".
İbrahimovun fikirlərinə “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə publika.az saytına açıqlamasında münasibət bildirib: "Nurlan dostum, qardaşımdı. Müsahibəsində Azərbaycanda ən təmiz klubların "Qarabağ" və "Qəbələ" olduğunu deməklə digər klubların bostanına daş atıb. Qardaşımdan soruşmaq istəyirəm ki, onun komandası hansı hamamda çimir ki, belə təmizdi? Bildiyimə görə "Qarabağ" üçün ən uyğun hamam Quzanlıdadı. Başa düşə bilmirəm, Nurlan digər klubların natəmizliyini nədə görür? Şərəf oyunu kimi baxdığın qarşılaşmada stadionun diktorunun əlindən mikrofonu alıb qışqırmaqdı təmizlik, yoxsa hamımızın yaralı yeri Qarabağın adı arxasında gizlənmək? Yoxsa avtobusların üzərinə "Bu gün Quzanlıda, sabah Ağdamda" devizini yazıb, bəh-bəhlə Quzanlıya köçmək və qısa müddətdən sonra geri qayıtmaqdı? O zaman həmişə təmizlikdə! Bəli, "Qarabağ" da bu xalqın komandasıdı, eləcə də digərləri. Qarabağ adına canımız da qurbandı, nəinki çempionluq".
Fanat.az