Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev yetirmələrini Qazaxıstanın "Tobol" klubu ilə oyunda çınayıb.
Qarşılaşma "Neftçi"nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin heyətində Elvin Yunuszadə, Karlos Kardoso, Ruslan Qurbanov və Bahodir Nasimov fərqlənib.
Qeyd edək ki, Kostanay şəhərini təmsil edən "Tobol" 1967-ci ildə qurulub. Qazaxıstan Super Liqasının yarandığı 1992-ci ildən güclülər dəstəsində çıxış edən komanda yeganə çempionluğunu 2010-cu ildə qazanıb. 2007-ci ildə ölkə kubokuna sahib çıxan "Neftçi"nin rəqibi 2003, 2005, 2007 və 2008-ci illərdə Super Liqanın gümüş medallarını əldə edib. Baş çatan mövsümdə ilk "altılığ"a düşə bilməyən komanda 7-ci yeri tutub. Timur Urazovun başçılıq etdiyi "Tobol"da Braziliya, Makedoniya, Serbiya, Moldova, Rusiya, Efiopiya və Türkmənistandan legionerlər çıxış edir.
Onu da qeyd edək ki, "Neftçi" bundan əvvəl Albaniyanın "Partizani" klubunu udub (2:0), Türkiyə "Fənərbaxça"sı ilə heç-heçə oynayıb (0:0).
Yoxlama oyunu
21 yanvar
Neftçi (Azərbaycan) - Tobol (Qazaxıstan) 4:2
Qollar: Elvin Yunuszadə, 20. Karlos Kardoso, 35. Ruslan Qurbanov, 65. Bahodir Nasimov, 70.
Neftçi: Pavel Doroşev, Emin Mehtiyev, Karlos Kardoso, İqor Mitreski, Elvin Yuniszadə, Denis Silva, Erik Ramos, Araz Abdullayev, Flavinyo, Cavid İmamverdiyev, Bahodir Nasimov.
Fanat.az