"Araz"ın baş məşqçisi Əsgər Abdullayevin müsahibəsi
- “Araz” I divizionun lideridi. Sizin artıq komandanı tam olaraq formalaşdırdığınızı söyləmək olarmı?
- Bir müddət əvvəl “Araz”ın I divizionda oynayıb-oynamayacağı sual altında idi. Çətinliklə də olsa, komandanı formalaşdırdıq. Fikirləşdim, komandaya təcrübəli futbolçular lazımdı ki, cavan futbolçular onların təcrübələrindən yararlansınlar. Hhazırda liderik, amma bu, qalibik demək deyil. İndi əsas məqsədimiz ilk dövrədəki uğurları ikinci dövrədə təkrarlamaqdı. İlk dövrədə komandanın normal çıxış etdiyini deyə bilərəm.
- İlk dövrədə komandada çatışmayan cəhətlər hansılar oldu?
- Elə bir komanda yoxdu ki, onun hər bir işi qaydasında olsun. Hücumda və orta sahədə futbolçu çatışmazlığının olduğunu deyə bilərəm. Hər hansı bir mövqedə az da olsa, çatışmazlıqlar var. Birinci dövrədə biz komanda yığırdıq, indi isə bir neçə mövqeyə futbolçu almaq istəyirik.
- İndi daha çox hansı mövqeləri gücləndirməyi planlaşdırırsınız?
- Hər bir mövqeyə oyunçu lazımdı. Lakin bəzi mövqelərə daha çox tələb olunur. Komandada nə qədər çox futbolçu olsa, rəqabət də güclü olar. Qapıçı mövqeyini də yaddan çıxarmaq olmaz.
- Bəzi məşqçilər I divizionda komanda çalışdırmaq istəmirlər və bunu özlərinə sığışdırmırlar. Ancaq Əsgər Abdullayev bu fikrə fərqli yanaşıb.
- Mən həmişə demişəm ki, güclülər dəstəsində iddiasız bir klubda işləməkdənsə, I divizionda iddialı bir komandada çalışmaq daha yaxşıdı. Mən komandanın I dəstədə iştirak etməsinə o qədər də əhəmiyyət vermirəm. Mənim üçün harada işləməyimdən asılı olmayaraq, əsas nəticədi. Şəraiti olan bir komandanı bacarığı olan bir məşqçi güclülər dəstəsinə çıxara bilər. Mən bu gün Naxçıvanda olduğuma görə, qətiyyən təəssüflənmirəm. Burada artıq çempionat da keçirilir. Mən də həmin oyunları izləyirəm ki, heyətə yeni futbolçular qatım.
- Artıq ikinci dövrənin hazırlıqlarına Bakıda başlamısınız. İndi futbolçular sizə necə təsir bağışlayırlar?
- Yanvarın 5-dən etibarən toplaşmışıq və hər gün mütəmadi olaraq məşqlərimizi davam etdiririk. Bununla yanaşı, seleksiya işləri ilə də məşğuluq.
- Bəs komanda kimlərlə yollarını ayıracaq?
- Göndərilən futbolçular nadir hallarda meydana çıxırdı və onlar yeni komandada daha çox şans qazanmaq üçün ayrılmaq istədiklərini bildirdilər. Belə olan halda, həmin futbolçulara hörmətim artır. İndi onların yerini doldurmaq üçün bir neçə futbolçu dəvət etmişik.
- Hazırda I divizionda bir çox komanda arasında kəskin mübarizə var və hər biri Premyer Liqaya yüksəlməyi qarşılarına məqsəd qoyublar. Sizcə, kimin şansı daha çoxdu?
- Mən məşqçi kimi komandamın hansı komanda ilə oynamağından asılı olmayaraq, oyunlara eyni cür hazırlaşdırıram. Çempion olmaq istəyən komanda hər bir oyuna axırıncı oyun kimi çıxmalıdı. Komandanın vəziyyətini “şişirtmək” lazım deyil. 4-5 komanda arasında rəqabət ola bilər, amma bütün komandalar rəqibdir. Bizim xal itirdiyimiz oyunlara baxın: “Mil-Muğan” və “Neftçala”. Heç kimə yuxarıdan aşağı baxmaq olmaz.
- “Araz” qələbə qazandıqca bəzi insanlar Naxçıvan klubunun hakimlərin hesabına lider olduğunu düşünürlər. Bu haqda fikriniz maraqlı olardı…
- Hər bir insanın fikrinə hörmətlə yanaşıram. Əvvəllər də mənə bu sualı veriblər. Sadəcə, onu deyə bilərəm ki, kim bu fikirdədisə, gəlib oyunlarımıza baxsın.
- Cari mövsümdə “Araz” Əsgər Abdullayevin rəhbərliyi altında çempion ola biləcəkmi?
- Hələ bu barədə danışmaq tezdi. İlk dövrəni lider kimi başa vurduq, indi ikinci dövrəyə daha ciddi hazırlaşırıq. Çünki rəqiblər artıq gücümüzə bələddilər. Qarşıda həmçinin Azərbaycan kubokunun 1/4 final mərhələsində “Xəzər Lənkəran”la oyunumuz var. İstənilən rəqibi məğlub etmək gücünə qadir bir komanda formalaşdırmalıyıq.
"Şərq Qapısı" qəzeti
Naxçıvan