"Komandanın qarşısına yüksək vəzifələr qoyulub. İlk işimiz qrup mərhələsindən 1/4 finala yüksəlməkdi". Fanat.az sözləri Belçikada keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan millisinə dəstək olmaq üçün Antverpenə gedən Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.
Federasiya başçısı rəqibləri dəyərləndirib: "Dünən keçirilən oyunlar göstərdi ki, Avropa çempionatında zəif komanda yoxdu. Xorvatiya millisinin İspaniya yığması ilə heç-heçə etməsi, Sloveniya yığmasnın İtaliya millisi kimi təcrübəli komandanı məğlub etməsi sensasiya oldu. Azərbaycan millisi Sloveniya yığmasından heç də zəif deyil. Sloveniyalılar İtaliya millisi ilə oyunda 6 əsas futzalçının xidmətindən istifadə etdi. Bəzi oyunçular 40 dəqiqəni əvəz olunmadan meydanda keçirdi. Amma bizim iki güclü heyətimiz var. Bu da həlledici amillərdən biridi. Yəni Sloveniya yığmasını məğlub etmək borcumuzdu. İtaliya millisinin dünən nümayiş etdirdiyi oyun mənim üçün müəmmalı qaldı. Onlardan bu cür zəif oyun gözləmirdim. İtaliya yığması Avropa çempionatının favoritlərindən biridi. Heyətlərində Avropanın ən güclü klublarında oynayan futzalçılar yer alıb. Onlar potensiallarının cəmi 10 faizindən istifadə edə bildilər. Çətin qrupda yer almışıq. Amma hər şey özümüzdən asılıdı".
Axundov millimizə arxayınlaşmamağı tövsiyə edib: Millinin əsas bazasını “Araz” klubu təşkil edir. Bu klubun UEFA kubokunun “Dördlər finalı”na vəsiqə qazanması böyük nailiyyətdi. Ancaq federasiya rəhbəri kimi klubun uğurundan daha çox millinin irəliləməsinə, inkişaf etməsinə çalışmışam. Baş məşqçi və futzalçılarla da bu barədə söhbətimiz olub. Onlara arxayınlaşmamağı tövsiyə etmişəm".
Fanat.az