27 sentyabr - Anım Günü ilə əlaqədar Bakı Olimpiya Stadionunda (BOS) tədbir keçirilib, Vətən Müharibəsi şəhidləri anılıb.
Fanat.Az arenanın rəsmi saytına istinadən xəbər verir ki, bugün saat 12:00-da bütün ölkə ərazisində olduğu kimi, BOS-da da şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Anım mərasiminə stadionun direktoru Cavid Qarayev başda olmaqla, stadionun baş ofisinin və icarədarların əməkdaşları, Cüdo və Futbol üzrə milli komandalarımızın baş məşqçiləri, AFFA Hakimlər Komitəsinin sədri və digər hakimlər iştirak ediblər. Bir dəqiqəlik sükutdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bir dəqiqəlik sükut zamanı BOS-un daxili monitor və reklam panellərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunub.
Bakı Olimpiya Stadionunun fasadı "Vətən Müharibəsi"nin başladığı vaxtdan etibarən 44 gün ərzində Azərbaycan Bayrağı və “Qarabağ Azərbaycandır!” şüarı ilə işıqlandırılıb. Anım günlərində də şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, arenanın fasadı gündüz saatları istisna olmaqla, 26 Sentyabr 23:00-dan 28 Sentyabr 04:00-a kimi hər zamankı rəngləri ilə deyil, məhz Azərbaycan Bayrağı kimi işıqlandırılacaq.