Koronavirusa yoluxan tanınmış jurnalist və televiziya aparıcısı, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu ötən gün vəfat edib.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası Əşrəfoğlunun vəfatı ilə bağlı rəsmi saytında "Mister "No Problem" bizi tərk etdi" başlıqlı məqalə dərc edib.
Həmin yazını təqdim edirik:
"Əşrəfoğlu kimi də tanınan Elnur Şükürov 47 yaşında COVİD-19-dan dünyasını dəyişib. Sentyabr ayından xəstəxanaya yerləşdirilən Elnurun həyatını xilas etmək mümkün olmadı.
Elnur Şükürov 19 iyun 1974-cü ildə anadan olub. Baş katibin müavini vəzifəsində çalışdığı Azərbaycan Cüdo Federasiyasının tanınan və hörmətli siması idi.
Elnur Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. Evli idi. İki övladı - bir oğlu və bir qızı var.
O, xüsusilə futbol sahəsində Azərbaycanın ən məşhur idman jurnalisti və şərhçilərindən biri idi. Milli televiziyada ilk əyləncəli idman proqramı olan “Sport Daycest”in aparıcısı olub.
İllər öncə Bakıya səfər edən IJF prezidenti Marius Vizerdən müsahibə alan ilk yerli jurnalist olub. Elnur karyerası ərzində 1996-cı ildə Atlantadan Tokio-2020-yə qədər bir çox Olimpiya Oyunlarına qatılmış və 100-dən çox ölkə gəzib.
"Liverpul" klubunun qatı azarkeşi idi. Klubun "Sən heç zaman tək başına gəzməyəcəksən" şüarını öz devizinə çevirmişdi. Elnur yüksək peşəkarlıqla yanaşı dostcanlı biri idi. Həmişə xoşbəxt və güləriz idi, hər kəsə problemləri həll etməkdə həssaslıqla kömək edirdi.
IJF-nin media komandasının üzvü Pedro Lazuenin Əşrəfoğlu ilə işləmək imkanı olub. O, mərhumun ölüm xəbərindən necə təsirləndiyindən bəhs edib:
"Elnurun vizit kartı göz qamaşdıran təbəssüm, sərhədsiz yumor və insanları dərindən dərk etməsi idi. Səbirli insan idi. Çətin vaxtlarda belə gülümsəyirdi, həmişə deyirdi: "Problem yoxdur, həllini tapacağıq".
İşıqlandırma problemi? Problem deyil. İnternet zəifdir? Nəqliyyat? Problem deyil. Uzun iş günündən sonra otel restoranı bağlanır? Problem deyil. Elnur həmişə var idi və həmişə eyni şəkildə cavab verir, bütün problemləri və narahatlıqları həll edirdi. Beynəlxalq turnir təşkil etmək asan iş deyil. Elnur hər şeyi təbii yolla ötüşdürürdü. Həmişə gülümsəyirdi, əsəbləşməzdi, stress onun üçün yad bir şey idi. O, təmkinli bir idi.
O, həmişə lazım olanda vaxtda harda olacağını bilirdi. Sanki harda, nə zaman ona gərək olacağını bilirdi. Onunla hər mövzuda söhbət etmək olurdu, dinləyirdi və mühakimə etmirdi. O, elə dost idi ki, lazım olandan-olana görürdün, ancaq sanki dünən görmüsən. Möhtəşəm insan idi.
Amma indi bizim başqa problemimiz var, Elnur! Bu problemi sən həll edə bilməyəcəksən. Bizi qoyub erkən getdin. Yaxşı insanlar bu həyatdan çox tez gedir. Sanki həyat bizə onun "istifadə müddəti"nin olduğunu sübut etmək istəyir.
Artıq cüdo, futbol, musiqi və siyasətdən danışa bilməyəcəyik.
Əziz dostum, səni bir daha görəcəm. İndi harda olursan ol, bizə baxırsansa, bil ki, eyni şeyi etməyə davam edəcəyik. Amma əvvəlki kimi yox. Rahat yat, qardaş."
Azərbaycan və dünya cüdo ailəsi Elnur Əşrəfoğlu çox darıxacaq. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Hörmətli Elnur, heç zaman tək gəzməyəcəksən (You Never Walk Alone)".
Emin Şəmsiyev