AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XVI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Şuşa" - "Turan" matçının 90+1-ci dəqiqəsində "Şuşa"nın baş məşqçisi Nadir Qasımov hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən baş məşqçi 5 oyunluq cəzalandırılıb, klub 500 manat cərimə olunub. 87-ci dəqiqədə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alan komandanın futbolçusu Məhəmməd Xəlilov isə 1 oyunluq cəza, 20 manat cərimə ilə canını qurtarıb.
"Şəmkir"lə oyunun 82-ci dəqiqəsində MOİK-in baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb və 1 oyunluq cəzalandırılıb, klubu 100 manat cərimələnib. Matçın 90+2-ci dəqiqəsində komandanın futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni aldığından 1 oyunluq cəzalanıb, 20 manat cərimə edilib.
"Neftçala" 6, "Energetik", "Qaradağ", "Şahdağ", "Şuşa", "Şəmkir", "Bakılı" və "Ağsu" 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimə ödəyəcək.
Fanat.az