Bakıda batut gimnastikası üzrə 28-ci Dünya Yaş Qrupları Yarışları davam edir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə 8 dəst medal sahibini tapacaq.
15-16 yaş qrupunda qızlar və oğlanlar arasında batut gimnastikası, 11-12 yaş kateqoriyasında isə ikili minibatut yarışlarında qaliblər müəyyənləşəcək. Qızlar və oğlanlar arasında 17-21 yaş qrupunda tamblinqdə, 13-14 yaşlı gimnasların mübarizəsində isə batut üzərində sinxron tullanış yarışlarında mükafatçılar bəlli olacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarışa 32 ölkədən 621 idmançının çıxışı gözlənilir. Gimnastlar həm batut, həm tamblinq, həm də ikili minibatut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyalarında çıxış edəcəklər. Turnirdə gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə proqramlarda mübarizə aparacaqlar. Bundan əlavə, komanda hesabında da qaliblər müəyyənləşəcək.