“Turan”ın sabiq baş məşqçisi Naci Şensoyun apasport.az saytına müsahibəsi
- Bir ildir klubsuzsunuz. Yeni iş yeri ilə bağlı təklif almısınız?
- Yox. Mən hazırda Kosovadayam. Bildiyiniz kimi, milliyətcə türk olsam da, əslən buralıyam. Qardaşımın Kosovada toyudur və orada iştirak etməyə gəlmişəm.
- Bizi maraqlandıran məsələ FİFA-ya “Turan”ın sizə birtərəfli pozduğu müqaviləyə görə çatacaq məbləği vermədiyinə etdiyiniz şikayət və nəticədə çıxarılan qərarla komandadan 6 xalın silinməyidir. Bunu necə qarşıladınız?
- “Turan”ın belə vəziyyətə düşməyini heç istəməzdim. Çünki bu kluba qarşı emosiyalarımı Azərbaycanda hamı çox yaxşı bilir. Ancaq onu unutmaq lazım deyil ki, mənim davam “Turan”la yox, onun sabiq prezidenti Musa Süleymanovla idi. Bu, 2 il öncə prezident postunda olan həmin şəxsə açılmış dava idi. Ancaq bu müddətdə Süleymanov istefa verəndən sonra məsələ mənim vəkilimlə “Turan” arasında müstəviyə keçdi.
- Buna aydınlıq gətirərdiniz...
- Süleymanov klubu buraxıb gedəndən sonra bütün haqlarımı vəkilimə həvalə etdim. “Turan”dan 120 min dollar alacağım vardı. Vəkilimə dedim ki, mənə 30 min dollar versən, məhkəməni yüz faiz qazanacaqsan? O da cavab verdi ki, bəli, beynəlxalq vəkiləm və çox davalar qazanmışam. “Elə isə mənə 30 min ver, 120 minlik davanı qazanıb məbləği götürərsən” deyə bildirdim. Ancaq bütün riskləri sən almalısan. Vəkilim fikirləşmək üçün məndən 2-3 gün vaxt istədi. Bu müddət tamam olanda gəlib mənə 30 min dollar verdi. Dediyim kimi, bu, 2 il öncə olmuşdu. Yəni göründüyü kimi, mənimlə Süleymanov arasında dava artıq vəkilimlə klub səviyyəsində idi.
- Ancaq fakt odur ki, bunun əziyyətini çox sevdiyiniz “Turan” çəkdi...
- Mən bir daha üzüntümü söyləmək istəyirəm. “Turan”dan 6 xalın silinməyini heç istəməzdim. Daha bir üzüntüm komandanın yüksək liqadan düşməyi ilə bağlıdır.
- Fürsətdən istifadə edib, sizə böyük rəğbəti olan tovuzlu azarkeşlərdən baş verənlərə görə üzr istəmək istərdiniz?
- Üzr diləmək yox, onların məni nə qədər çox sevdiyini çox yaxşı bildiyimi demək istəyirəm. Mənim edə biləcəyim bir şey yoxdur. “Turan”ın azarkeşlərinin sadəcə, məni çox yaxşı başa düşmələrini, həqiqəti anlamalarını istərdim. Yoxsa onlardan üzr dilənəcək bir şey olsaydı, mən yüz faiz bunu edərdim. Məndə belə qürur var. Ancaq burda üzr istəməyə heç bir şey görmürəm.
- Bəs kim üzr istəməlidir?
- Bu vəziyyətdə “Turan” azarkeşlərindən üzr diləməli bir insan varsa, o da Musa Süleymanovdur. Mən yox, o, bunu etməlidir.
İdman24.az