"Real Madrid" və "Everton"un keçmiş ulduzu Tomas Qravesen 33 yaşında karyerasını başa vuranda bu qədər dəbdəbəli həyata sahib olacağını təxmin etməzdi.
Fanat.Az Danimarka mətbuatına istinadən xəbər verir ki, ən yüksək maaşı məhz "Real"da oynayarkən 5 milyon olan Qravesen indi 120 milyonluq sərvətin sahibidir.
Azarkeşlərin yaddaşında daha çox sərt və iddialı xasiyyəti ilə yadda qalan danimarkalı həm də bu var-dövləti futboldan qazanmayıb. O, dəbdəbəli həyatı qumar oynayaraq qurub...
1976-cı ildə anadan olan Tomas Qravesen futbolçu karyerasına 1995-ci ildə ölkəsi Danimarkada başlayıb. O, karyerası ərzində "Hamburq", "Everton", "Real Madrid" və "Seltik"də çıxış edib. 2005-ci ildə "Everton"dan "Real Madrid"ə transfer olunan Qravesen paytaxt komandasının ulduzlu heyətində yer alıb.
O, futbolçu karyerası ərzində pis pul qazanmayıb. Karyerasının zirvəsində "Bernabeu"da çıxış edən Qravesen həftəlik 100 min avro maaş alıb. Ancaq onu həqiqətən varlı edən futbol qazancı deyil, Las Veqasa yollanması olub. Qravesen poker, "blackjack" və rulet oynayaraq özü üçün cazibədar bir həyat qurub. "The Sun"un xəbərinə görə, Las-Veqasa köçən keçmiş futbolçu poker oynayaraq 120 milyon avro qazanıb.
O, 6 milyon avro dəyərində ev alıb və Hollivud ulduzu Nikolas Keyc və tennis əfsanələri Andre Aqassi və Steffi Qrafla qonşu olub. Onların yaşadıqları kompleksdə qolf və tennis kortları da var.
Təsadüfi deyil ki, "National Geographic Adventure" 2007-ci ildə Qravesenin məskunlaşdığı Summerlini yaşamaq üçün bir nömrəli yer adlandırıb.
Pokerden qazandığı pulla özünə lüks həyat quran Qravesen avtomobil düşkünü kimi də tanınır. Sabiq futbolçu "Mercedes SLR McLaren" sürür. Bu "Mercedes"in xüsusi dizaynının qiyməti təxminən 500 min avrodur.