Nando Dias adlı valensiyalı bir bərbər PSJ-nin ulduz futbolçusu Kilian Mbappe ilə tanışlıq hekayəsini açıqlayıb.
Fanat.Az xəbər verir ki, eyni zamanda Los Honorables ərzaq mağazalar şəbəkəsini idarə edən Nando Dias fransalının saçını kəsdiyini bildirib.
O, Mbappeylə görüşünü belə anladıb:
"Valensiyada olanda Alessandro Florensinin saçını kəsmişdim. O, pandemiya vaxtı Parisə gedəndə uyğun bərbər tapa bilmədiyini və mənə ora getmək imkanımın olub-olmadığını soruşdu. Tanınmış şəxslər bu cür işləri adətən evdə etdirirdi. Belə müştərilər sırf etibar məsələsi olaraq, yaxınları tərəfindən tövsiyə olunan mütəxəssislərə ehtiyac duyurlar. Florensinin saçını kəsmək üçün Parisə üç-dörd dəfə səfər etdim. Sonuncu dəfə evinə getmək əvəzinə, PSJ-nin idman şəhərciyinə yollandım. Çünki o, zədəsini orda müalicə etdirirdi.
PSJ-nin bazasında kiçik bir otaqda Florensinin saçını düzəldərkən birdən qapı açıldı və Kilian Mbappe içəri daxil oldu. Mbappe jestlə Florensidən onun da saçını qaydaya sala bilib-bilməyəcəyimə işarə etdi. Müştərim məndən "vaxtın varmı" deyə soruşdu. Beləliklə, onun saçını da kəsdim. Məni təəccübləndirən o idi ki, o, ispanca çox yaxşı danışırdı və ona görə də onunla rahat ünsiyyət qura bildim. Mənə PSJ-də geyindiyi 7 nömrəli köynəyini bağışladı. Hansı ki, onu çərçivədə saxlayıram".
Bununla belə, bərbər təsadüfi tanışlığının gələcəkdə Mbappeylə peşəkar münasibətlərin başlanğıcı ola biləcəyinə inanmır. Çünki o, gələn mövsüm "Real Madrid" ilə müqavilə bağlayacağı gözlənilən ulduz futbolçunun dostlarının tövsiyyəsinə qulaq asacağını düşünür: "Futbolçular adətən klubu və ya şəhəri yaxşı tanıyan həmkarları tərəfindən tövsiyə olunan bərbərlərə gedirlər. Güman edirəm ki, o, Madriddəki bərbərini tanıdığı fransızdan soruşaraq seçəcək”.
Mirağa