Martın 31-dən aprelin 3-dək Bakıda kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Fanat.Az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq.
Yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Turnirdə həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.