Avstriyada hazırlıqlarını davam etdirən “İnter”in düşərgəsinə bu gün axşam saatlarında yeni futbolçu qoşulacaq. Apasport.az saytının əldə etdiyi məlumata görə, Mikel Alvaro adlı ispaniyalı futbolçu birbaşa müqaviləyə gəlir.
Aleksandr İaşvili kimi bu transfer də şəxsən baş məşqçi Kaxaber Sxadadzenin istəyi ilə həyata keçirilib. Belə ki, gürcü çalışdırıcı onu 2011-ci ildən çıxış etdiyi Tbilisi “Dinamo”sundan tanıyır. Sxadadze 30 yaşlı yarımmüdafiəçinin çıxışına bələd olduğundan, onu baxışa çağırmayıb.
Alvaro İspaniyada daha çox III dəstə və ondan aşağılarda çıxış edib. “Aurrera”, “Amurrio”, “Barakaldo”, “Deniya” və “Lerida”da oynayan Mikel 2009-cu ildən Sequnda təmsilçisi “Numansiya”nın şərəfini qoruyub.
“Dinamo”da 59 oyuna 21 qol vuran futbolçu yarımmüdafiənin mərkəzində oynamağı bacarsa da, əsas çıxış etdiyi mövqe sağ cinahdır. Asif Məmmədovun yarımmüdafiənin sağında oynadılacağını nəzərə alsaq, böyük ehtimalla, ispaniyalı mərkəzdə pleymeyker funksiyasını daşıyacaq.
Qeyd edək ki, bu il artıq “Dinamo”dan “İnter”ə bir futbolçu gəlib. Bu, braziliyalı Robertinyo idi. Ancaq özünü göstərə bilməyən yarımmüdafiəçi qısa müddət sonra ölkəmizi tərk etməli oldu.
İdman24.az