Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) ümumi yığıncağı keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib.
Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.
Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb: "Gələcəkdə əcnəbi baş məşqçinin gətirilməsi barədə düşünürük. Ən önəmli məqsədlərimizdən biri olimpiadaya lisenziya alınmasıdır. Qısamüddətli uğurlar istəmirik. Ona görə də uzunmüddətli hədəflər qoyuruq. Geridə qalan 10 ildə nəticələri legionerlər yox, gənclərimiz göstərdi".
Onun sözlərinə görə, yeni baş məşqçi məşhur idmançı olacaq: "Yenilik gətirmək, sistemdəki səhvlərimizi görmək istəyirik. Bilirsiniz ki, bu idman növü daha çox Cənubi Koreyada inkişaf edib. Ya həmin ölkədən, ya da Türkiyədən mütəxəssis gətirmək istəyirik".
Federasiya rəhbəri prezident seçkisinin gecikmə səbəbini belə izah edib: "Sergey Qospodinovu 6-7 ay bundan öncə yola saldıq. Yeni baş məşqçi axtarırıq. Ona görə də hesabat-seçki konfransı gec baş tutdu".
Mövsümov kamandan oxatmanın bahalı idman növü olduğunu söyləyib: "Federasiyaya yeni gələndə məşq etməyə yerimiz, avadanlıqlarımız da yox idi. Sadəcə, federasiyanın adı var idi. Qısa müddətdə milli komanda formalaşdırdıq. Qapalı idman kompleksimiz olmalı, regionlarda klublar açılmalıdır. Bütün planlar olimpiya lisenziyasına bağlıdır".