İki dostun çayxanada oturub futboldan danışması saatlarla uzana bilər. Çoxdan bir-birini görməyən tanışlar yenə bir araya gəlmişdilər.
- Qaqa, üzünü görək, haralardasan? Nömrənə də zəng çatmır...
- Nə vaxt zəng vurmuşdun ki?
- Yanvarın 2-də, bayramını təbrik edəcəkdim.
- Yəqin “paxmel” olmuşam. Ondan sonra zəng vursaydın, çatardı. Futbolda nə var, nə yox?
- “Qarabağ”la “Neftçi” Avroliqanın 1/16 finalında uduzandan bəri həvəsim ölüb.
- Doğurdan 1/8-ə çıxa bilmədilər?
- Yox. Çempionatda “Sumqayıt”a uduzan “Neftçi”nin 1/8-də dayanmasında təəccüblü nə var ki?
- Bəs deyirdilər, Böyükağa Hacıyev qayıdıb, “hazır maşın”a benzin tökəcək?
- “Xəzər Lənkəran”la oyunda o maşının “peredok”unu elə dağıtdılar ki, “zapravkaya” qədər sürmək mümkün olmadı.
- Başa düşmədim e, qaqa...
- Deyirlər, Lənkəranda “sudya” 5-ci “qırmızı”nı verib komandanı qovmaq istəyirmiş, vaxt çatmayıb.
- Bəs oyunu hakim özü qurtarmır?
- Özü qurtarır.
- Boş sözdü, inanma, istəsə 10 dəqiqə artırıb 5-cini də verərdi... Hakim kim idi? Xaqani Məmmədov?
- Yox, Kollina?
- Doğurdan?
- Yatmısan, ə? Xaqani bir əsr bundan qabaq karyerasını bitirib. İndi Hakimlər Komitəsinin sədridi.
- Onu həmişə döyürdülər, yadına gəlir? Elə hamısını döyürdülər.
- Rəhim Həsənov idi hakim. Özünü də döyüb eləmədilər.
- Heç “Neftçi” tərəfdən söyən də olmadı?
- Yox. Söysələr nə dəyişəcəkdi ki?
- Keçən dəfə demirdin ki, söyüş söyəndə İntizam Komitəsidi nədi, kluba cərimə kəsir, dilinə yiyəlik edə bilməyəni cəzalandırır?
- O xaricdə olur. Bizdə “Sumqayıt”ın prezidenti “sudya”ya “cındır” dediyinə görə AFFA ona yeni stadion bağışladı. Bizdə hər şey İntizam Komitəsinin əhval-ruhiyyəsindən, bir də aldığı tapşırıqdan asılıdı. Məsələn, İK bu gün Araz Abdullayevin “Qarabağ”la oyunda aldığı qırmızı vərəqəni ləğv etdi.
- Qaqa, səndən bir şey soruşum, yəqin sən bilərsən.
- De, görək.
- Düzdü ki, AFFA bu il “Qəbələ”ni çempion edəcək?
- Yalançı olaram, onu Nadyadan soruşmaq lazımdı.
- Nadya kimdi?
- Falabaxan. Amma “dartsalar”, “Qəbələ”ni uzağı Avroliqaya “darta” bilərlər.
- Yığma nə vaxt oynayır bəs?
- Sabah.
- Harayla?
- Filippinlə.
- Fil ipi haradı?
- Elə oradı. Fil ipi deyil, Filippindi. Amma onlarla oynamaq camaatı elə fil xortumuna dolamaq kimi bir şeydi.
- Məzələnirsən?
- Məzələnən Elxan Məmmədovla Berti Foqtsdu. Komanda Dubaya gəzməyə gedib, adını da qoyublar yoxlama görüşü.
- Əla, əla, o Filippini maa neçəyə verərsən?
- Yaxşı, düşükləmə, dur gedək...
- Ağzımız qızışdı, çay da buza döndü e... Qoy, bunu içim, tərpənək.
Fanat.az