Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter”in növbəti transferi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Sibir” klubunun xorvatiyalı futbolçusu Matiya Şpiçiç karyerasını “bankirlər”in heyətində davam etdirəcək. Rusiyanın I divizion təmsilçisinin rəsmi saytı bu haqda məlumat yayıb.
Bildirilir ki, legionerlə müqavilə qarşılıqlı razılıqla pozulub. Ölkəsinin millisinə kimi aşağı yaş qruplarından ibarət müxtəlif yığmalarda oynamış 25 yaşlı müdafiəçi “Zaqreb” klubunun yetirməsidir. O, burada keçirdiyi müddətdə - 2006-cı ildən 2011-ci ilə kimi 46 oyunda 2 qol vurub.
Matiya 2011-ci ildə Ukraynada “Tavriya”da 3 matçda meydana çıxdıqdan sonra vətənində qayıdaraq “İstra 1961”da 8 oyunda forma geyib. Şpiçiç 2012-ci ildən şərəfini qoruduğu “Sibir”də 32 matçda 2 qola imza atıb.
İdman24.az