Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start verələcək. Fanat.az xəbər verir ki, bu gecə baş tutacaq "Mançester Yunayted" - "Bavariya" və "Barselona" - "Atletiko" matçına tamaşa edəcək futbolsevərlər sabah axşam "Real" - "Borussiya" (Dortmund) və PSJ - "Çelsi" qarşılaşmalarını izləyəcək.
Təbii ki, bütün diqqətlər Madridə - "Real" - "Borussiya" matçına yönələcək. "Santyaqo Bernabeu" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23.45-də başlayacaq qarşılaşmanı ingilis referi Mark Klattenburq idarə edəcək. Ona həmyerliləri - Simon Bek və Stuart Burt yardımçı olacaq.
"Real"ın qisası
"Real" "Borussiya" ilə avrokuboklarda 9-cu dəfə qarşılaşacaq. İki komanda arasında indiyədək baş tutan 8 matçda ispanlar 3, almanlar 2 qələbə qazanıb, 3 qarşılaşmada qalib müəyyənləşməyib. Madrid klubunun 11 qoluna Dortmund təmsilçisi 10 dəfə cavab verə bilib.
Ötən mövsüm Çempionlar Liqasının yarımfinalında qarşılaşan rəqiblər bu dəfə 1/4 finalda üz-üzə gələcək. "Real" bu dəfə ötən mövsümün qisasını almağa çalışacaq. Belə ki, həmin vaxt "Borussiya" rəqibini mübarizədən kənarlaşdıra bilmişdi. Dortmundda baş tutan ilk matçda Robert Levandovskinin 4 qol sayəsində 4:1 hesablı qələbə qazanan almanlar səfərdəki məğlubiyyətə (0:2) rəğmən mərhələ adlamışdı.
"Kral Klubu" rəqib tanımır
Cari mövsümdə Çempionlar Liqasında uğurlu qrafik cızan "Real" hələ məğlubiyyət üzü görməyib. Qrup mərhələsi və 1/8 finalda 8 matça çıxan "Kral Klubu" 7 oyunda meydandan qələbə, birində isə heç-heçə ilə ayrılıb.
"Borussiya"da isə vəziyyət fərqlidi. Dortmund təmsilçisi 8 oyundan 5-də qələbə qazanıb, 3-də isə məğlubiyyət acısı yaşayıb.
Ən məhsuldar komanda
"Real" cari mövsüm Çempionlar Liqasının ən məhsuldar komandasıdı. İspaniya klubu keçirdiyi 8 oyunda rəqib qapılarına 29 qol vurub ki, bu da hər oyuna orta hesabla 3,62 top deməkdi. "Los Qalaktikos" bu mövsüm iki oyunda 6:1 hesablı qələbə qazanıb ("Qalatasaray" və "Şalke 04").
"Borussiya" qol sayında da rəqibindən çox geri qalır. Belə ki, almanlar rəqib qapılarına 16 qol vurub. Bu hər oyunda orta hesabla 2 topun vurulması deməkdi.
Ronaldo gözü doymur
"Real"ın "Borussiya" matçında əsas silahı Kriştiano Ronaldo olacaq. Portuqaliyalı ulduz cari mövsümdə vurduğu 13 qolla bombardirlər yarışına başçılıq edir. Kriştiano bu oyunlarda da fərqlənməklə qol sayını artırmağa çalışacaq.
Ronaldo vurduğu qollarla yanaşı komanda yoldaşlarının fərqlənməsinə də imkan yarıdıb. Belə ki, o, cari mövsümdə 4 məhsuldar ötürmə ilə də diqqəti çəkib. Qollarının birini penaltidən vuran ulduz futbolçu bir 11 metrlik cərimə zərbəsini də boşa verib.
Levandovski oynamayacaq
"Borussiya"nın qol silahı və ötən mövsümkü qarşılaşmanın qəhrəmanı Robert Levandovski isə oynamayacaq. Çünki polşalı ulduz cəzalıdı.
Leva cari mövsümdə 6 qol vuraraq komandasının 1/4 finaladək irəliləməsində əsas pay sahiblərindən olub. Yayda "Bavariya"ya keçəcək Polşa yığmasının üzvü iki məhsuldar ötürmə ilə də diqqəti çəkib.
"Real" almanlara qarşı neçə oyun keçirib?
"Real" Avropa kuboklarında almanlara qarşı indiyədək 54 oyun keçirib. Bu matçların 24-də qələbə qazanan Madrid təmsilçisi 20 dəfə məğlub olub, 10 görüşdə meydandan sülhlə ayrılıb. "Real"ın 97 qoluna almanlar 89 dəfə cavab verə bilib.
"Borussiya" isə ispanlara qarşı 22 dəfə oynayıb. 7 qələbə qazanan, 8 dəfə məğlub olan Dortmund klubu 8 oyunda məğlubiyyətə üzülüb. "Borussiya"nın 27 qoluna ispanlar 27 dəfə cavab verib.
Kloppun dərdi böyükdü
Önəmli matçdan öncə "Borussiya"da ciddi itkilər var. Belə ki, Neven Subotiç, Marsel Şmelzer, Sven Bender, İlkay Gündoğan və Yakub Blaşikovskinin zədəli olması baş məşqçi Yurgen Kloppu ən çox düşündürən məqamdı.
"Real"ın heyətində isə 3 problem var. Belə ki, Alvaro Arbeloa, Sami Kedira və Jese Rodrigesin zədəsi var.
"Borussiya"da Sebastian Kehl və zədəsi davam edən Sven Bender, "Real"da Asyer İllarramendi ilk matçda sarı vərəqə alacağı halda cavab qarşılaşmasını buraxmalı olacaq.
Çempionlar Liqası
2013/14 mövsümü
1/4 final (ilk oyun)
2 aprel
23.45 Real (Madrid, İspaniya) - Borussiya (Dortmund, Almaniya)
Real (gözlənilən heyət): İker Kasilyas, Serxio Ramos, Pepe, Fabio Koentrao, Daniel Karvajal, Asyer İllarramendi, Qaret Beyl, Xabi Alonso, Angel di Mariya, Kriştiano Ronaldo, Kərim Benzema.
Borussiya (gözlənilən heyət): Roman Veydenfeller, Mats Hummels, Sokratis Papastatopulos, Erik Durm, Lukaş Piqçek, Henrik Mkitaryan, Marko Reus, Kevin Qrobkreuts, Jonas Hofmann, Pierre-Emerik Aubameyanq, Nuri Şahin.
Baş hakim: Mark Klattenburq (İngiltərə).
Madrid. "Santyaqo Bernabeu" stadionu.
Fanat.az