Almaniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubunun planları pozulub. Apasport.az saytının xəbərinə görə, Avropa Liqasının I təsnifat mərhələsinin “Slima” ilə səfər matçının UEFA tərəfindən 2 gün əvvələ təyin edilməsi “ağ-yaşıllar”ın düşərgəsində narazılıqla qarşılanıb.
Cənub təmsilçisi hazırlıq dövründə 2 yoxlama matçı keçirməyi planlaşdırmışdı ki, baş məşqçi Con Toşak komandasını iyunun 29-da “İnqolştad”, bir gün sonra “Aysburq II” ilə sınaq matçında yoxlamaq istəyirdi. Amma qitə futbol qurumunun “Slima” ilə görüşün vaxtını dəyişməsindən sonra bu qarşılaşmaların baş tutacağı real deyil. Çünki matçın iyulun 2-nə təyin olunmasından sonra “Xəzər Lənkəran” Maltaya iyunun 29-da yollanmağı planlaşdırır.
Dəyişiklikdən narazı qalan Toşak isə UEFA-ya iradını çatdırıb. Uelsli mütəxəssis qitə futbol qurumunun vitse-prezidentlərindən birinə zəng edərək etirazını çatdırıb. Əldə etdiyimiz xəbərə görə, “Xəzər Lənkəran” hətta dəyişikliklə bağlı protest vermək niyyətindədir.
İdman24.az