Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Marca": "Atletiko Madrid"in hücumçusu Joau Feliks karyerasını İngiltərədə davam etdirə bilər. "Arsenal" futbolçunun transferinə çox yaxındır. Ancaq "topçular" Feliks üçün PSJ, "Mançester Yunayted" və "Aston Villa" ilə mübarizə aparmalıdır. Razılıq əldə olunarsa, keçid yanvarda baş tutacaq.
"Daily Mirror": Kriştianu Ronaldudan ümidi kəsilən "Əl-Nəsr" diqqətini "Liverpul"un hücumçusuna yönəldib. Söhbət Roberto Firminodan gedir. Braziliyalı forvardın klubu ilə müqaviləsi gələn yay başa çatır. "Liverpul" onu komandada saxlamaq istəsə də, Səudiyyə Ərəbistanı klubu Firminonu transferə razı salmağa çalışacaq.
"The Athletic": "Tottenhem" baş məşqçisi Antonio Konteyə yeni müqavilə təklif etməyi planlaşdırır. İtaliyalı mütəxəssisin cari sözləşməsi mövsümün sonunda başa çatır. İngiltərə təmsilçisi Konteni daha iki il komandada saxlamaq niyyətindədir.
"TEAMtalk": ABŞ millisinin və "Lids"un futbolçusu Tayler Adams "Mançester Yunayted"in təklifinə cavab verib. O, İngiltərə klubuna "yox" deyib. Futbolçu öz klubunda qalmağı üstün tutub.
Röya Kərimli