Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
İnsayder Fabritsio Romano: "Çelsi" "Vasko da Qama"nın yarımmüdafiəçisi Andrea Santosun transferini reallaşdıracaq. 18 yaşlı futbolçu tibbi yoxlanışdan keçdikdən sonra sözləşmə imzalanacaq. Oyunçunun transferi London klubuna 12,5 milyon avroya başa gələcək.
"Evening Standard": Gələn yay mərkəz oyunçuları Jorjinyo ilə Nqolo Kanteni itirəcək "Çelsi" yarımmüdafiəçi axtarışındadır. London klubu Deklan Rays və Cud Bellinqem ilə maraqlanır. "Vest Hem" Rays üçün 120 milyon avro tələb edir. Dortmund “Borussiya”sının da Bellinqem üçün təqribi belə qiymət istəyəcəyi ehtimal olunur.
"The Telegraph": Zədə səbəbilə əsas oyunçusu Conco Şelvinin xidmətindən məhrum olan "Nyukasl" yeni transfer planları qurur. İngiltərə təmsilçisi İPL-də çıxış edən iki oyunçunu bəyənib. Söhbət "Lester"i tərk etməyə hazırlaşan Yuri Tilemans ilə "Brayton"da çıxış edən Moyzesa Kaysedodan gedir. Tilemans yayda azad agent olsa da, "Bayton" Kaysedonu buraxmaq niyyətində deyil.
"Readfootball": Filippe Koutinyo "Aston Villa"dan ayrilacağı ilə bağlı iddialara aydınlıq gətirib.
Bu barədə braziliyalı yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində yazıb: "Son günlər adımla bağlı bəzi xəbərlər görürəm. Mediada yalan xəbərlər yayılıb və mən də məsələyə aydınlıq gətirmək qərarına gəldim. Heç kimlə danışıqlar aparmamışam. Klubdan məni buraxmalarını xahiş etməmişəm. Çünki burda özüm də, ailəm də xoşbəxtdir.
Zədədən sağaldıqdan sonra yeganə məqsədim yüksək səviyyədə oynamaq, komandaya və komanda yoldaşlarıma hədəflərimizə çatmaqda kömək etməkdir".
Röya Kərimli