Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Jurnalist Din Cons, "GiveMeSport": "Nyukasl" "Çelsi"nin hücumçusu Hakim Ziyeşə elçi düşüb. Maduekenin gəlişi Hakimin Londondan gedişinə səbəb ola bilər. "Nyukasl" Mərakeş millisinin üzvünü icarəyə götürmək istəyir.
"Calciomercato": "Lion"un yarımmüdafiəçisi Usem Auar karyerasını "Milan"da davam etdirəcək. "Roma" və "Betis"dən də təklif alan 25 yaşlı futbolçu "Milan"a keçidə razılıq verib. "Lion" mövsümün sonunda müqaviləsi bitəcək futbolçunu azad agent kimi buraxmamaq üçün bu qış satmağı planlaşdırır.
Rəsmi: "Borussiya Dortmund" hücumçusu Yussuf Mukoko ilə müqaviləni yeniləyib. Almaniya millisinin gənc üzvü ilə sözləşmə 2026-ci ilə qədər uzadılıb.
Xatırladaq ki, Mukoko "Barselona", "Çelsi" və "Mançester Yunayted"in diqqət mərkəzində idi. Onun əvvəlki sözləşməsinin müddəti yayda başa çatacaqdı. Lakin uzun çəkən danışıqlardan sonra "Borussiya" Yussufu yeni müqaviləyə razı salmağı bacardı.
Röya