"Mourinyu həmişə xüsusi olub. Biz "Benfika"da oynayarkən onun futbolçularla dost kimi davrandığına, motivasiya üçün qeyri-adi işlər gördüyünə şahidlik etmişik. Üstəlik, o, ağıllı və xarizmatikdir".
Fanat.Az xəbər verir ki, bunu "Çempionat"a açıqlamasında "Benfika"nın və Portuqaliya seçməsinin sabiq müdafiəçisi Fernandu Meyra deyib.
2000-ci ildə Lissabon təmsilçisində sözügedən mütəxəssisin rəhbərliyi altında çıxış edən veteran oyunçu Mourla bağlı xatirələrindən birini danışıb:
"Portuqaliya Kuboku çərçivəsində "Kampomoriense" ilə qarşılaşmalıyıdıq. Rəqib komandanın baş məşqçisi "Benfika"nın sabiq oyunçusu idi. Oyundan bir həftə öncə verdiyi müsahibədə haqqımızda neqativ fikirlər səsləndirmiş, belə böyük komandanın formasını geyinən futbolçuların əksəriyyətinin səviyyəsinin tələblərə cavab vermədiyi söyləyərək bizi aşağılamışdı. Əlbəttə, bu, heç birimizin xoşuna gəlməmişdi. Joze həmin matçadək müsahibə barədə bir kəlmə də danışmadı. Susmağa üstünlük verdi. Oyun günü isinmə hərəkətlərindən sonra futbolkalarımızı dəyişmək üçün paltərdəyişmə otağına gəldik və həmin müsahibənin qapının üstünə yapışdırıldığını gördük. Mourinyu əli ilə rəqib baş məşqçinin qəzetdəki şəklini göstərərək "Baxın, bu senyor sizin "Benfika"nın səviyyəsinə uyğun gəlmədiyinizi deyir. İndi siz meydana çıxacaq, onun haqlı olub-olmadığını göstərəcəksiniz", - dedi. İnanılmaz variant idi. Meydana çıxıb 1:0 hesablı qələbə qazandıq".
Nihat