Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Relevo": "Çelsi" rəhbərliyi Joau Felikslə bağlı qərar qəbul edib. Komanda bu yay 23 yaşlı portuqaliyalı hücumçunun birdəfəlik keçidini həll edə bilər. Feliks özü də "Atletiko Madrid"i tərk etmək niyyətindədir. İspanlar forvard üçün 130-140 milyon avro pul tələb etsə də, londonlular futbolçunun icarə haqqını ödədiyi və Feliksin maaşını üzərinə götürdüyü üçün təzminat təxminən 100 milyon avroya düşə bilər.
ESPN: "Real Madrid" rəhbərliyi komandanın hücum xəttini gücləndirmək fikrindədir. Kral klubu yayda "Yuventus"un futbolçusu Duşan Vlahoviç və "Tottenhem"dən Rişarlisonun transferini nəzərdən keçirir.
"Football Insider": İngiltərə Premyer Liqasının 3 klubu "Bayer Leverkuzen"in müdafiəçisi Pyero İnkapyeyə elçi düşüb. "Tottenhem", "Everton" və "Nyukasl" futbolçunun xidmətində maraqlıdırlar. Ancaq Almaniya təmsilçisi Ekvador millisinin üzvünü qışda buraxmasa da, yayda 60 milyon avro qarşılığında satmağa razı ola bilər. Belə ki, futbolçu ilə yaxın zamanlarda müddəti 2027-ci ilin iyununa qədər olan sözləşmə imzalanıb.
Röya