Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
İnsayder Fabritsio Romano: "Liverpul"un transfer hədəfi Pyotr Zelinski mövsümün sonunda "Napoli"ni tərk edə bilər. İngiltərə klubu bu fürsətdən istifadə etməyə çalışacaq.
Polşalı yarımmüdafiəçi cari mövsüm İtaliya A Seriyasında 23 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Fichajes": "Mançester Yunayted" "Betis"in yarımmüdafiəçisi Nabil Fekirə elçi düşüb. İngiltərə klubunun baş məşqçisi Erik ten Haqın fikrincə, pleymeyker Brunu Fernandeşə əvəzedici lazımdır. 29 yaşlı fransalı futbolçu ilə bu mövqe üçün uyğundur.
Fekirin klubu ilə müqaviləsi 2026-ci ilin iyununa qədərdir. O, "Nyukasl" və "Lester"in də diqqət mərkəzindədir.
Rəsmi: "Arsenal" yarımmüdafiəçisi Mohamed Elneni ilə müqavilə yeniləyib. 30 yaşlı misirli futbolçu müddəti 2024-cü ilin yayına qədər olan sözləşməyə imza atıb.
Elneni 2016-cı ildə "Bazel"dən transfer edilib. O vaxtdan bəri "Arsenal" forması ilə 155 oyuna çıxan Mohamed 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Röya