Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Calciomercatoweb": Portuqaliya millisinin və "Milan"ın hücumçusu Rafael Leau "Liverpul"un hədəfindədir. "Mersisaydlılar" 23 yaşlı futbolçunu yayda heyətinə cəlb etməyə çalışacaq.
"Milan" Leau ilə yeni sözləşmə üçün danışıqlar aparsa da, hələ də müsbət cavab ala bilməyib. Yeni müqavilə imzalanmasa, A Seriyası təmsilçisi futbolçunu yayda satacaq. Çünki Leaunun sözləşməsi 2024-cü ildə başa çatır. "Milan" isə portuqalıyalını pulsuz buraxmaq istəmir. Müqavilədə transfer qiyməti 150 milyon avro qeyd olunsa da, bu məbləği kiminsə ödəyəcəyi real görsənmir. "Liverpul" Leau üçün 80 milyon avro ödəməyə hazırdır.
"Globo Esporte": "Çelsi" gənc yarımmüdafiəçisi Andrey Santosu sabiq klubu "Vasko da Qama"ya göndərə bilər. London klubu 18 yaşlı futbolçunu 4 aylıq icarəyə verəcək.
Braziliyalı oyunçu bu ilin yanvar ayında 20 milyon avro qarşılığında "Çelsi"yə keçmişdi. Ancaq ona Böyük Britaniyada işləmək üçün icazə verilmədiyi üçün klubu Santosun xidmətindən faydalana bilmir. Bu səbəbdən "Çelsi" çıxış yolunu onu icarəyə göndərməkdə görüb.
"Readfootball": "Milan" hücumçusu Olivye Jiru ilə müqaviləni yeniləmək fikrindədir. Məlumatı klubun idman direktoru Riki Massara verib. Onun sözlərinə görə, klub futbolçu ilə yeni sözləşmə imzalamağa çalışacaq.
Röya