AÇ-2024-ün seçmə mərhələsinin 2-ci turunda Qlazqoda Şotlandiya millisinə uduzan (0:2) İspaniya seçməsinin baş məşqçisi Luis de la Fuente məğlubiyyəti şərh edib.
Fanat.Az xəbər verir ki, 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə mərhələ oyununda qol vurmağı bacarmayan "buğalar"ın çalışdırıcısının dediklərini AS nəşri belə çatdırıb: .
"Nəticə qazanmaq üçün meydanda gördüyümüz müsbət işləri yaddaşımın bir küncündə saxlayacağam. Oyunçuların işlərinə münasibətindən razıyam. Hər şeydən öncə nikbinliyi qorumalı və daha sonra səhvlərimizi təhlil etməliyik.
Qol epizodlarındakı səhvlərimiz? Bu, iki təsadüf idi... Futbolçuları ittiham etmək fikrində deyiləm. Belə səviyyəli matçlarda istənilən xırdalıq nəticəyə təsir edə bilər. İlk yarıda üstün tərəf biz idik. Ancaq qalan dəqiqələrdə rəqib bütün həmlələrimizin qarşısını alaraq planlarımızın həyata keçməsinə imkan vermədi. İstənilən halda, biz daha çox qol epizodu yaratdıq. Təəssüf ki, qolları meydan sahibləri vurdular. Əminəm ki, daha yaxşı komanda olacağıq.
Planlarımız dəyişməyib. Seçmə mərhələdə daha 6 oyun keçirəcəyik. Hədəfimiz bu qarşılaşmaların hər birində qələbə qazanmaqdır".
Nihat