"Barselona"lı Ansu Fatinin atası Bori Fati Kataloniya klubundan şikayətçidir.
Fanat.Az xəbər verir ki, ata-Fati "El Partidazo" verilişinə çıxaraq oğlunun "Barselona"dakı vəziyyətindən narazılığını bildirib.
Şok müsahibədə o, 20 yaşlı oğlunun bu il az oynamasına görə klub rəsmilərini tənqid atəşinə tutub və belə davam edəcəyi halda, Ansunun yayda komandadan ayrıla biləcəyini söyləyib: "Vəziyyəti müzakirə etmək üçün bu həftənin əvvəlində "Barselona"nın rəsmiləri Matteo Alemani və Yordi Kroyfla görüşdüm. Alemani mənə Ansunun klubun mirasının bir hissəsi olduğunu söylədi. Atası kimi mən ona dedim ki, onun getməsi daha yaxşıdır. Amma Ansu bu məsələdə mənimlə razılaşmadığını bildirdi. Qalmaq istəyir. Məndən asılı olsaydı, sabah "Barselona"nı tərk edərdim. Mən Ansuya dedim ki, vəziyyət dəyişməsə, yayda getməliyik. Amma o, səhv etdiyimi deyir.
Bir aydan sonra Xorxe Mendeşlə mütləq görüşəcəyik. Ansunun bu qədər az oynaması məni narahat edir. Mən bilmirəm Xavi Ansudan niyə çox istifadə etmir. Onun öz səbəbləri ola bilər. Ansu ona nifrət etmir, çünki o, həmişə onun kumiri olub. Amma mən bir ata kimi çox narahatam. Söhbət həm də İspaniya millisinin üzvü olan və La Masiyadan gələn oyunçudan gedir. O, bundan çox şeyə layiqdir".
Qeyd edək ki, Ansu Fati bu mövsüm "Barselona"nın heyətində 24 La Liqa matçında forma geyib və bunların cəmi 9-da start "11-lik"də yer alıb, 15 dəfə isə oyuna əvəzetmədən qoşulub. Cəmi 925 dəqiqə meydanda olan 20 yaşlı gənc futbolçu 3 qol vurmağı bacarıb.
Mirağa