Çempionlar Liqasının digər finalçısı da bəlli olub.
Fanat.Az xəbər verir ki, turnirin sonuncu qalibi “Real Madrid” "Mançester Siti"nin qonağı olub.
Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1. Cavab görüşündə isə 0:4 hesabı uduzan İspaniya klubu finala adlaya bilməyib.
Madridlilərin baş məşqçisi Karlo Ançelotti məğlubiyyəti belə şərh edib:
"Biz bu oyundan dərs çıxarmalı, növbəti mövsüm haqqında düşünməli və güclənməliyik. Ötən mövsüm onları məğlub edərək finala yüksələ bildik. Bu dəfə növbə "Mançester Siti"də idi. "Siti" daha yaxşı oynadı və finala layiqdir. Onlar görüş başlayandan daha çox pressinq edirdilər, ona görə istədiyimiz oyunu qurmaq bizim üçün çətin oldu. Bu gün dərin təhlilə getməyin mənası yoxdur. Ağrılı məğlubiyyətdir. Çox üzücüdür. Amma futbolda belə olur. Çempionlar Liqasının yarımfinalına çıxırsan və belə güclü rəqib səndən yaxşı oynayırsa, finalsız qalırsan".
Xatırladaq ki, daha öncə "İnter" İtaliyanın digər təmsilçisi “Milan”ı iki oyunun nəticəsinə əsasən (2:0, 1:0) məğlub edərək finala yüksəlmişdi.
Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Röya