Müqavilə ilə "Şaxtyor"a məxsus olan braziliyalı yarımmüdafiəçi Tete karyerasını Şotlandiyada davam etdirməyə yazındır.
Fanat.Az xəbər verir ki, "Seltik" klubu" onun xidmətində maraqlıdır.
Məlumatı "Celtic Bhoys" yayıb. Şotlandiya nəhəngi Teteni yay transfer pəncərəsində komandanı tərk edəcəyi gözlənilən vinger Liel Abadanın əvəzləyicisi kimi sıralarına qatmaq istəyir.
Bu da təsadüfi deyil. Bugünlərdə Brendan Rocers "Seltik"in baş məşqçisi təyin edilib. Mütəxəssis 2022/2023 mövsümünün ikinci hissəsində Tete ilə "Lester"də çalışıb.
"Seltik" 2022/2023 mövsümündə Şotlandiya çempionatının qalibi olub, həmçinin ölkə kubokunu və Liqa Kubokunu qazanıb. İyun ayında "Seltik"in baş məşqçisi Angelos Postecoglou "Tottenhem"ə keçib və onu Brendan Rocers əvəzləyib.
Tete ötən mövsüm iki klubda icarə əsasında çıxış edib. Braziliyalı mövsümün ilk hissəsini "Olimpik Lion"da keçirib (19 matç, 6 qol və 5 məhsuldar ötürmə). Yanvarda isə o, "Lester"ə keçib və burada 14 oyuna çıxaraq 1 qol vurub.
Mirağa