Mərakeşin paytaxtı Rabatda 23 yaşadək futbolçular arasında Afrika Millətlər Kubokunun final matçı keçirilib.
Fanat.Az xəbər verir ki, həlledici qarşılaşmada Mərakeş millisi Misir seçməsi ilə üz-üzə gəlib.
Hesabı misirlilər açıb. Oyunun 10-cu dəqiqəsində Saber adını tabloya yazdırıb. Qarşı tərəf tarazlığı 37-ci dəqiqədə Beqrauinin qolu ilə bərpa edib. Görüşün əsas vaxtı bu hesabla başa çatıb və əlavə vaxt oynanılıb. 105+3-cü dəqiqədə Fransanın "Havr" klubunun formasını geyinən yarımmüdafiəçi Ussama Tarqallin meydan sahiblərinə qələbə gətirən qola imza atıb.
Mərakeş tarixində ilk dəfə U-23 Afrika Millətlər Kubokunun qalibi olub.
Turnirdə 3-cü yeri bir gün öncə Qvineyanı üstələyən Mali seçməsi tutub. Mali millisi Mərakeş və Misir ilə birlikdə 2024-cü ildə keçiriləcək Olimpiya oyunlarında iştirak hüququna yiyələnib.
Nihat