Qaret Beyl "Real Madrid"də üzləşdiyi çətinliklərdən danışıb.
Fanat.Az xəbər verir ki, "The Times" onun dediklərini belə çatdırıb:
"Səni ulduz kimi transfer edirlərsə, hamı hər şey edəcəyini, hər yerdə olacağını gözləyir. Səbəblərdən biri İspaniya mətbuatının mənə pis münasibət göstərməsi idi. Mən sadəcə, futbol oynamaq və sonra qaranlıqda yox olmaq istəyirdim. İspanca bilirdim, amma danışmaq istəmirdim. Çünki diqqət mərkəzində olmağı sevmirdim, sakit həyatı xoşlayırdım. Səs-küylü yaşam tərzi mənlik deyil. Ola bilsin ki, məhz bu üzdən mənə hücum çəkirdilər. Mətbuat məni bir insan olaraq anlamaq istəmirdi. Çünki onlara çox az şey verirdim.
"Real"ın möhtəşəm ağ forması ilə oynamaq ürəyimcə idi. Orada inanılmaz anlar yaşamışam. Ancaq çətin günlərim də olub. Belə anlarda özümü tənha hiss etmişəm. Hamı mənə qarşı idi. Meydanda fitə basırdılar. Bu, ilk dəfə baş verəndə gənc idim, 24 yaşım var idi. Bilmirdim ki, təzyiqlərin öhdəsindən necə gəlim".
Qeyd edək ki, son klubu MLS təmsilçisi "Los Anceles" olan Beyl yanvarda karyerasını bitirdiyini bəyan edib.
Nihat