Bu gün avrokuboklarda 3 Azərbaycan təmsilçisi matça çıxacaq. "Qarabağ" Avroliqanın 3-cü təsnifat mərhələsininin ilk oyunları çərçivəsində Helsinki təmsilçisi HİK sınağa çəkəcək. Konfrans Liqasındakı komandalarımıza gəlincə, "Sabah" Masazırda Belqrad "Partizan"ı , "Neftçi" isə "Neftçi Arena"da İstanbul nəhəngi "Beşiktaş"la mübarizə aparacaq.
Tanınmış futbol mütəxəssisi, "Neftçi"nin və Azərbaycan millisinin sabiq üzvi Vladislav Qədirov ilə əlaqə saxlayıb Azərbaycan komandalarının şanslarını dəyərləndirməsini istədik. Onun Fanat.Az-a açıqlaması belə oldu:
" Açığı, "Neftçi"nin şanslarının aşağı olduğunu, rəqib komandanın 90 faiz mərhələ adlayacağını düşünürəm. Səbəblər çoxdur: "Neftçi"nin oturuşmuş heyətinin olmamasını, əksinə, start "11-liy"in yenilənməsini, transferlərdə gecikmələri, ən başlıcası da baş məşqçi Adrian Mutunun sərəncamında yetərincə keyfiyyətli oyunçunun olmamasını əsas gətirə bilərik. Mən Mutunun gəlişinə nəsə demirəm. Hətta belə keyfiyyətli mütəxəssinin "Neftçi" də olmasını yüksək qiymətləndirirəm. Sadəcə, "Kəpəz"lə matçda gördük ki, Gəncə təmsilçisi flaqmanı öz oyunu ilə məğlub etdi. "Kəpəz" 3 xalı təsadüfən yox, üstün oynayaraq qazandı. Halbuki "Neftçi"nin bir futbolçusu "Kəpəz"in bütün heyəti qiymətinədir.
Razılaşaq ki, "Beşiktaş"ın oyunçularının ustalıq səviyyəsi çox yüksəkdir. Bu məqamı da unutmaq olmaz. İstəyərdim ki, "Neftçi" birinci oyunda qol və ya qollar vuraraq sevindirici nəticə ilə səfərə yollansın. Amma reallıq bu mübarizəyə tam fərqli yanaşmağımızı tələb edir.
"Sabah" gənc komandadır. Serbiya klubu ilə müqayisə etsək, şansların 50-nin 50-yə olduğunu düşünürəm. "Partizan"nın tarixini və avrokubok təcrübəsi unutmaq olmaz. Lakin nəzərə almaq lazımdır ki, bu komanda da yeni heyət formalaşdırıb. Həm də maliyyə problemləri var. "Sabah" evdə bərabərlik əldə edə bilsə, mərhələni keçmək şanslarını yüksəltmiş olar.
"Qarabağ"dan isə biz yalnız qələbə gözləyirik. Məncə, Qurban Qurbanovun yetirmələri bu mərhələni keçəcəklər. Avokubok təmsilçilərimizdən yalnız "Qarabağ"ın mərhələ adlamaq şanslarının yüksək olduğunu deyə bilərəm. "Qarabağ"ın avrokubok təcrübəsi HİK keçməyə kömək olacaq".
Nahid Məmmədov