"Beşiktaş"ın bosniyalı yarımmüdafiəçisi Amir Hacıəhmədoviç Kiyev "Dinamo"su ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, oyunöncəsi mətbuat konfransına qatılan futbolçu ukraynalılarla ilk görüşdə tam güclərini göstərə bilmədiklərini bildirib:
“İlk görüşdə yaxşı qələbə qazandıq, lakin bütün gücümüzü ortaya qoymadıq. Cavab oyununda bunu etməyə çalışaq. Yenidən qələbə qazanmağa çalışacağıq. Buxarestdə əldə etdiyimiz nəticəyə baxmadan oynamağa çalışacağıq.
İlk oyunda bizə müəyyən qədər ot örtüyünün keyfiyyəti mane oldu. Gözlədiyimizdən də aşağı oldu. Amma bu bəhanə deyil, biz yenə də daha yaxşı oynamalı idik. Əminəm ki, öz meydanımızda buna nail olacağıq.
Komandamızın ürəyi yarımmüdafiədir. Meydanda yaxşı anlaşırıq. Əminəm ki, bu, uğurumuzun açarıdır”.
Qeyd edək ki, "Dinamo" ilə "Beşiktaş" arasında ikinci oyun bu gün Türkiyədə keçiriləcək. Rumıniyada baş tutan iilk oyun "Beşiktaş"ın 3:2 hesablı qələbəsi ilə nəticələnib.
Mirağa