"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş "Bayern Münhen" ilə oyun barədə (3:4) fikirlərini bölüşüb.
Fanat.Az "TNT Sports"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində aldıqları səfər məğlubiyyəti haqda belə danışıb:
“Zədəli oyunçular barədə düşünməli deyilik. Meydanda rəqibə cavab verəcək sayda futbolçumuz var. Təbii ki, futbolçuların hamısının matça hazır olmasını istəyirik və bilirik ki, bəzi vacib oyunçularımız zədəlidir. Lakin bu, qalib gəlməmək üçün səbəb deyil.
“Bayern”ə qarşı oynamağın çətin olacağını öncədən anlayırdıq. Bilirdik ki, rəqib çox güclü komandadır. Onlara boş zona və vaxt verirsənsə, səni cəzalandıracaqlar. Oyuna başladıq... Sonra 0:1, 0:2... İkinci hissədə qollardan birinin əvəzini çıxsaq da, az keçməmiş yenə topu tordan çıxarmalı olduq. Toparlanıb daha bir qol vurduq, lakin yenə qol buraxdıq".
Qeyd edək ki, "qırmızı şeytanlar" növbəti ÇL matçını öz meydanında "Qalatasaray"a qarşı keçirəcək.
Nihat