"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda PSJ-yə qarşı keçirəcəkləri oyun haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "qırmızı-qaralar"ın rəsmi saytına bölüşüb:
“Bu oyun bizim üçün Çempionlar Liqasında dönüş nöqtəsi olmalıdır. Bizə xallar lazımdır. Rəqibimiz yüksək səviyyəli komandadır, amma mənim əla oyunçularım və düzgün oyun ideyamız var. Biz əvvəldən axıra kimi inanmalıyıq. Oyuna yaxşı hazırlaşmışıq.
Parisdə aldığımız dərs bizə öyrətdi ki, daha diqqətli olmalıyıq. Onlar hər an zərbə vura bilərlər. Bunun fərqində olmalı və qarşımıza çıxan hər şansdan istifadə etməliyik. İlk görüşdə kompakt oynadıq və yaxşı müdafiə olunduq. Sadəcə, Mbappenin bizə qol vurduğu epizoddakı kimi müəyyən anlarda daha diqqətli olmalıyıq”.
"Milan" ÇL-in F qrupunda 2 xalla sonuncudur. İlk pillədə PSJ (6) mövqe tutubsa, sonrakı yerləri hərəyə 4 xalla Dortmund "Borussiya"sı və "Nyukasl" bölüşürlər. PSJ Parisdəki oyunda İtaliya nəhəngini 3 cavabsız qolla yenib.
Nihat