İtaliyanın "İnter" klubu niderlandlı müdafiəçisi Denzel Dyumfris ilə müqaviləni uzatmaq istəyir .
Fanat.Az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, klubla futbolçu arasında danışıqlar artıq başlayıb.
Bununla belə, mənbə iddia edib ki, futbolçunun maaş tələbi milanlıların təklifindən qat-qat yüksəkdir. Ona görə də tərəflər ortaq məxrəcə gələ bilmir. Klubla futbolçunun nümayəndələri Milad bayramına qədər daha bir danışıq raundu keçirəcəklər.
Qeyd edək ki, Dyumfrisin "İnter"lə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq və yaxın 6 ay ərzində futbolçu ilə razılıq əldə olunmasa, "neradzurilər" onu transferə çıxarmaq məcburiyyətində qalacaq.
Əlavə edək ki, niderlandlı futbolçu Milan təmsilçisinə 2021-ci ilin avqustunda 15 milyon avroya PSV-dən keçib. O vaxtdan bəri müdafiəçi "İnter"in heyətində bütün yarışlarda 110 oyun keçirib və 9 qol vurub.
Mirağa