"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 14-cü turunda "Kadis" üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini "Kral klubu"nun rəsmi saytına bölüşüb:
"Rodriqo qayıtdı və ortaya fərq qoydu. Modriçin dizaltı vətəri dartıldı, ancaq düşünürəm ki, bu, ciddi xəsarət deyil. O, öz mövqeyində oynamasa da, xoş təsir bağışladı. Yaxşı mübarizə apardıq, keyfiyyətli futbol sərgilədik və tempi nəzarətdə saxlamağı bacardıq. Hesab öz yerində, oyun planında da yaxşı təsir bağışladıq. Matçın başlanğıcından sonuna qədər istədiyimiz şəkildə mübarizə apardıq.
Çətinliklər bəzən əlavə motivasiya mənbəyidir. Futbolçular bunu əla başa düşdülər. Bir neçə oyunçumuzu zədə üzündən itirsək də, bu faktdan motivasiya kimi istifadə edə bildik. Bu qələbə mənə böyük özünəinam verdi".
Qeyd edək ki, 14 oyun keçirən "Real" 35 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. İkinci pillədəki "Jirona" 13 matçdan 34 xal toplayıb.
Nihat