İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində bu gün keçiriləcək "Real Madrid" - "Napoli" matçı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, AS hər iki klubun formasını geyinmiş 50 yaşlı veteranın dediklərini belə çatdırıb:
"Bu komandaların hər ikisini qəlbimdə gəzdirirəm. Həm "Napoli" mənə çox şey verib, həm də "Real". Açığı, qarışıq hisslər keçirirəm. Bir tərəfdə "Real", o birində "Napoli"... Fikirlərim haçalanır. Amma bu gecə Madrid Neapolu bərk sınağa çəkə bilər (gülümsəyir). "Real"ın zədəliləri çoxdur? Bilirəm, amma bu, hər iki komanda üçün çətin oyundur. "Real" artıq pley-offa vəsiqəni təmin edib. "Napoli"nin baş məşqçisi dəyişib və komanda hazırda yaxşı futbol sərgiləyir. Neapol təmsilçisi yenidən komandaya çevrilib, ancaq "Bernabeu"dan xalla qayıtmaq asan iş deyil".
Nihat