Kriştianu Ronaldu, Neymar, Kərim Benzema, Sadio Mane daxil olmaqla çoxsaylı futbol ulduzlarına sahib çıxan Səudiyyə Ərəbistanı indi də tanınmış hakimləri çempionata cəlb etməyə çalışır.
Fanat.Az "Football İtalia"ya istinadən xəbər verir ki, İtaliyanın ən yaxşı futbol hakimlərindən biri olan Daniele Orsato karyerasını sözügedən ölkədə davam etdirmək üçün sərfəli təklif alıb.
Mənbənin məlumatına görə, 48 yaşlı referi Səudiyyə Ərəbistanı Pro Liqasında hakimliyə razılıq versə, qonorarı İtaliyadakından iki dəfə çox olacaq.
Eyni zamanda bu xəbər narahatlıqla qarşılanıb. Belə ki, Orsato İtaliyanın Hakimlər Komitəsinin yeni rəhbəri vəzifəsinə ən ideal namizəd hesab olunur.
Xatırladaq ki, Orsato Qətərdə keçirilən dünya çempionatının yarımfinalında Xorvatiya və Argentina arasında keçirilən oyunu idarə edib. Viçentsalı ədalət təmsilçisi 2010-cu ildən FİFA referisidir. Baxmayaraq ki, Qətər onun baş hakim olduğu ilk DÇ olub. O, 2018-ci ildə Rusiyadakı mundialda VAR hakimliyi edib. Bundan başqa, Orsato üç il əvvəl "Bayern Münhen" və PSJ arasında keçirilən Çempionlar Liqasının finalında hakimlik edib.
Mirağa