"Jirona"nın baş məşqçisi Miçel Anxel İspaniya çempionatının 19-cu turunda "Atletiko Madrid" üzərində qazandıqları qələbəni (4:3) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini AS belə çatdırıb:
"Bu, təmsil etdiyimiz şəhər və bölgə üçün tarixi gündür. Möhtəşəm ilk hissə keçirdik və fasiləyə 3:2 hesabı ilə öndə yollandıq. İkinci yarıda "Atletiko"nun hesabı bərabərləşdirmək istədiyi sezilirdi. Ancaq biz meydana yeni enerji ilə çıxmışdıq. Son 20-25 dəqiqədə hər iki tərəf fərqlənə bilərdi. İvanın qolu əla alındı.
Əla oynadığımızı düşünürəm. Komandanın mübarizə əzmi ürəyimcə oldu. Matçın müəyyən anlarında rəqib bizi əziyyət çəkməyə məcbur etsə də, dözməyi və öz anımızı gözləməyi bacardıq. Yekunda möhtəşəm qolla istəyimizə çatdıq. Gözəl gecə idi".
Qeyd edək ki, 19 tura 48 xal toplayan "Jirona" La Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Sözügedən kollektiv şəxsi oyunların nəticəsinə görə eyni xala malik "Real Madrid"dən geri qalır.