"Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Braqa" ilə qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb matç barəsində fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu :
"Rəqib ilk dəqiqələrdən "Qarabağ"a öz təzyiqini göstərməyə çalışdı. Amma təmsilçimiz bu gərgin keçən dəqiqələrdən yaxşı çıxdı və rəqibə pressinqlə qarşılıq verərək öz oyununu dikdə edə bildi. "Qarabağ" möhtəşəm bir oyun sərgilədi. Həqiqətən hamımızı sevindirdi. Bu dərəcədə yaxşı oyun gözləmirdim. "Qarabağ" demək olar ki, bütün komponentlərdə "Braqa"nı üstələdi. Sanki rəqib şokda idi. Əldə edilən hesab növbəti mərhələyə adlamaq üçün yaxşı imkan verir. Qətiyyən arxayınlaşmaq olmaz. Rəqib yaralanmış pişik kimidir. Bakıda fərqli oyun nümayiş etdirə bilərlər. "Qarabağ" buna hazır olmalıdır. Şanslar hazırda "Qarabağ"ın tərəfindədir. İlk oyundan əvvəl növbəti mərhələyə adlamaq şansı rəqibdə idisə, indi bu üstünlük "Qarabağ"ın xeyrinədir. Deyərdim ki, 4:1 hesabı daha yaxşı olardı. Amma indiki hesaba da "şükür" demək lazımdır. Biz oyundan əvvəl bərabərliyə belə razı idik. Hesab edirəm ki, "Qarabağ" evdə azarkeşlərinin önündə yaxşı mübarizə aparıb növbəti mərhələyə adlayacaq".
Qeyd edək ki, komandalar arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq.
Nahid Məmmədov